Mexanikləşdirilmiş birliklərdən robotlaşdırılmış və sızma əməliyyatlarına
Qara dəniz hövzəsində dördüncü ilinə çatan Ukrayna-Rusiya müharibəsi bütün intensivliyi ilə davam edir. Müasir müharibələrin gələcəkdə formalaşdıracağı böyük bir “məktəb” kimi bu qarşıdurmanın diqqətlə izlənməsi zərurəti bizi bu istiqamətə fokuslanmağa məcbur edir. Tarixdə öncəsi və sonrası olan mühüm bir hərbi dövrün içindəyik. Rusiya ordusunun 2025-ci il üçün müəyyən etdiyi məqsədlər Rusiya Federasiyasının ilhaq etdiyini elan etdiyi dörd vilayətin hamısının və Odessa dəhlizinin ələ keçirilməsidir. Bu hədəfə çatmaq üçün bölgədəki Rusiya qoşunlarının sayının 700 min nəfərə çatdığı, yalnız strateji Pokrovsk şəhəri ətrafında isə 170 min əsgərin cəmləşdiyi müşahidə olunur. Sahədəki strateji dəyişiklik atəşkəs və ya sülh əldə olunmazdan əvvəl hərbi üstünlük qazanmaq və Ukrayna qüvvələrini bərpa olunmayacaq dərəcədə yıpratmaq məqsədi daşıyır. Taktiki dəyişikliklərə baxdıqda isə iri mexanikləşdirilmiş birliklərin manevrləri əvəzinə daha kiçik ölçülü piyada bölmələrinin Ukrayna müdafiə xətləri arasından sürətlə sızaraq irəliləməsinə üstünlük verildiyi görünür.
Ukrayna ordusunun 2025-ci il üçün strateji dəyişimi 2023-cü ildəki genişmiqyaslı hücum təcrübəsindən sonra döyüş meydanında əsasən müdafiədə qalmaq və Rusiya ordusuna dərin zərbələr endirməklə onun hədəflərinə çatmasının qarşısını almağa yönəlib. Qlobal güclərin prosesə cəlb olunması ilə atəşkəs əldə edilənə qədər hərbi müqavimətin qorunması diplomatik məqsədlər sırasındadır.
Qısa müddətdə bitəcəyi xülyası ilə başlayan Rusiya hücumu dörd ilin sonunda böyük bir tükəndirmə müharibəsinə çevrildi və təəssüf ki, hər iki tərəfin itkiləri artıq ölçülə bilən səviyyəyə çatdı. Müəyyən etdiyi hədəflərə bu ilin sonuna qədər çata bilməyən Rusiya ordusu ciddi şəkildə aşınır. 2024-cü ildə 4.500 kvadratkilometr irəliləyən Rusiya ordusu bütün imkanlarını səfərbər etməsinə baxmayaraq, bu il cəmi 5.500 kvadratkilometr Ukrayna ərazisində irəliləyiş əldə edə bildi. Ukraynanın müdafiə nazirinin açıqlamasına görə, geridə qalan dövrdə 400 min Rusiya hərbçisi itki verib. Mütəxəssislərin ortaq qənaətinə görə isə real rəqəmlər ən azı 160-200 min Rusiya hərbçisinin həlak olması səviyyəsindədir. Yaralılar da nəzərə alındıqda, bir il ərzində döyüş meydanından 400-500 min Rusiya hərbçisinin sıradan çıxdığı və yeni səfərbərliklərin bu boşluğu doldurmaqda qeyri-kafi olduğu müşahidə olunur.
Bu mənzərənin əsas səbəblərindən biri ilboyu hücumda olan Rusiya ordusunun tətbiq etdiyi taktiki yanaşmadır. Yüksək atəş gücünə malik, az saylı şəxsi heyətdən ibarət kiçik qruplarla cəbhə xətti boyunca sızmalar həyata keçirilsə də, əldə edilən ərazilər kifayət qədər zirehli dəstək ilə möhkəmləndirilmədi. Ukrayna müdafiəsi dərinlik üzrə quruldu və sızma manevrlərinə qarşı mühasirəyə alma və məhv etmə taktikalarını tətbiq etdi. Rusiya ordusunun itkilərinin təxminən 50 faizə qədərinin insansız robotlaşdırılmış silah sistemləri ilə verildiyi, nöqtə zərbəsi imkanları yaradan idarəolunan silahların döyüş sahəsində geniş yayıldığı müşahidə olundu. Rusiya ordusu zirehli texnikadan istifadəyə daha çox müdafiə məqsədilə üstünlük verdi. Müharibənin əvvəlindən bu günə qədər təxminən 35 min tank, döyüş maşını və şəxsi heyət daşıyıcısının itirilməsi bu texnikaların istifadəsini ciddi şəkildə məhdudlaşdırdı. Əsas səbəblərdən biri də hava gücünün döyüş meydanı üzərində tam üstünlük qura bilməməsidir. Rusiya Hərbi Hava Qüvvələrinin təxminən 400 təyyarə və 350 helikopter itirdiyi, bunun nəticəsində insansız robotlaşdırılmış silah sistemlərinə daha çox yönəldiyi görülür.
Tükəndirmə müharibəsinin logistikası: enerji terroru və müdafiə büdcələri
Hər iki tərəfin tükəndirmə müharibəsinə üstünlük verməsi cəbhə xəttini durğun və son dərəcə ölümcül vəziyyətə gətirdi. Hədəflərinə çata bilməyən Rusiya Ukrayna xalqının döyüş ruhunu sındırmaq məqsədilə mülki yaşayış məntəqələrinə hücum etməyi seçdi və strateji xarakterli əməliyyatlara başladı. Enerji, logistika və hökumət binaları başda olmaqla iri şəhərlərdə terror yaratmaqla Ukrayna idarəetmə strukturuna olan etimadı sarsıtmağa çalışdı. Son dörd ay ərzində 60 istilik və hidroelektrik stansiya, 151 yarımstansiya və 45 koqenerasiya qurğusu hədəfə alındı. Qış boyunca enerji xətlərinə hücumların davam edəcəyi proqnozlaşdırılır, əsasən cəmiyyətin mənəviyyatı, istehsal müəssisələri və strateji infrastruktur hədəf seçilib. 2025-ci ildə mülki itkilər 30 faiz artıb, 2.514 mülki şəxs həlak olub, 12.142 nəfər isə ağır yaralanıb. Mülki itkilərin nisbətən az olmasını sığınacaqlardan geniş istifadə ilə yanaşı, cəmiyyətin təcrübəli və intizamlı özünümüdafiə sistemi ilə izah etmək olar.

Getdikcə güclənən Ukrayna ordusu üçün texnoloji silahların inkişafı və xaricdən təmin edilən dəstək əsas prioritetlər sırasındadır. Rusiya tərəfindən sülh istəyi olduğuna inanmayan cəmiyyət silah istehsalında mühüm irəliləyişlər əldə edib. Ukrayna ordusu 2025-ci ildə hərbi alışlarının 40 faizinin yerli istehsal olduğunu vurğulayıb. İldə 4 milyon insansız robotlaşdırılmış silah istehsal gücünə çatan Ukrayna 550 növ yeni robotik sistem, 11 yeni tip zirehli texnika və 13 növ piyada silahını xidmətə qəbul edib. Müharibənin ən vacib ehtiyaclarından olan 270 növ müxtəlif sursatın istehsalına da nail olunub. Cəbhə xəttində aparılan dəyişikliklər və taktiki yeniliklər nəticəsində şəxsi heyət itkiləri 13 faiz azalıb, robotik sistemlər isə ön planda istifadə edilib.
Ukrayna Hərbi Hava Qüvvələri təxminən 40 ədəd F-16 təyyarəsini təhvil alıb, əlavə olaraq ötən il beş ədəd “Mirage 2000” və doqquz ədəd “MiQ-29” da əldə olunub. Müxtəlif sayda helikopter və raketin də xidmətə daxil edilməsi ilə Ukrayna hava məkanı böyük ölçüdə təminat altına alınmış kimi görünür. Bununla belə, hava hücumundan müdafiə sistemlərində hələ də çatışmazlıqlar var və əlavə 10 ədəd “Patriot” batareyasının alınmasına ehtiyac duyulur.
ABŞ-nin Patriot raket tədarükü dayanıb, ehtiyatlar tükənib və vəziyyət kritik həddə çatıb. Ən mühüm silah dəstəkçilərindən biri olan Almaniya müxtəlif çaplı 35 mm, 120 mm, 122 mm və 155 mm sursatlar tədarük edib, eyni zamanda IRIS-T SLM hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına başlayıb. Bundan əlavə, hədiyyə olaraq çoxsaylı zirehli texnika və artilleriya sistemləri də Ukraynaya göndərilməkdədir. Avstraliyadan M1A1 tankları, Avropa ölkələrindən isə “Patria” 6×6 zirehli personal daşıyıcıları Ukrayna ordusuna təhvil verilib. Qabaqcıl radar və radioelektron mübarizə sistemlərinin əldə edilməsi üçün mühüm addımlar atılıb, ABŞ yardımlarının dayandırılmasından sonra Avropa İttifaqı daha aktiv kəşfiyyat paylaşımına keçib və kosmosdan müşahidə peyk imkanlarını istifadəyə verib.
Müharibənin maliyyə yükünü də unutmamalıyıq. ABŞ yardımlarının kəsilməsi qısa müddətdə ciddi təsir göstərsə də, silah satışlarının davam etməsi problemləri qismən fərqli müstəviyə daşıdı. Ukrayna ordusunun müharibəni davam etdirə bilməsi üçün NATO mütəxəssislərinin hesablamalarına əsasən illik ehtiyac təxminən 43 milyard ABŞ dollarıdır. Ümumilikdə 26+3 dəstəkçi ölkə 2027-ci ilə qədər bu büdcəni qarşılamaq barədə öhdəlik götürüb, əlavə olaraq Rusiya aktivlərinin gəlirlərindən illik 3 milyard avronun ayrılması planlaşdırılır. 2025-ci ildə yardımların 45 milyard ABŞ dollarını aşması bu istiqamətdəki tendensiyanın mühüm göstəricisidir. Rusiyanın müharibəyə ayırdığı illik büdcənin 150 milyard ABŞ dollarını keçdiyi düşünülür, ölkədə vergilərin artırıldığı və valyuta ehtiyatlarının sürətlə azaldığı da müşahidə olunur.
Ukraynanın müasir müharibə üsulları sırasında yer alan “Pilotsuz Uçuş Aparatı Pərdələməsi” strategiyası öz effektivliyini sübut edib və inkişaf edən döyüş meydanı üçün nümunə yaradıb.
Tükəndirmə müharibəsi strategiyası insanlıq tarixi qədər qədim olsa da, müasir döyüş texnikaları cəbhə xəttinə dərin təsir göstərib.
Müasir ordular yeni taktikaları diqqətlə izləyir və müdafiə sənayesi bu dəyişikliklərə sürətlə uyğunlaşır.
Dəyanət Ağalarlı
Ordu.az